Azərbaycanın işğal olunmuş ərazilərindəki qızıl yataqlarında ehtiyatların həcmi $8 milyard məbləğində qiymətləndirilir. Bunu bu gün keçirilən mətbuat konfransında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.
“İşğal altında olan ərazilərdə 155 adda filiz ehtiyatları var. Burada 6 qızıl, 5 civə, 2 sink, 2 mis, polimetal və mineral su ehtiyatları mövcuddur. Təkcə təsdiq olunan qızıl ehtiyatlarının həcmi ilkin hesablamalara görə, 132,4 tondur və bu, indiki qiymətlərlə $8 milyarda bərabərdir”, - deyə o bildirib.
V.Qasımlının sözlərinə görə, ərazilərimiz işğaldan azad olunduqdan sonra kənd təsərrüfatı sektoruna xüsusi diqqət ayrılacaq, işğal olunmuş ərazilərdə kənd təsərrüfatına yararlı torpaqların sahəsi 240 min ha təşkil edir.
"Mineral su yataqlarının işlənməsi ixracdan başqa, turizm rekreasiya zonalarının inkişafı üçün də potensial yaradacaq. İlkin məlumatlara görə, işğal olunmuş ərazilər azad edildikdən sonra Kəlbəcər-Laçın və Dağlıq Qarabağ zonası Azərbaycan iqtisadiyyatına $2 milyarda yaxın gəlir gətirəcək", - deyə o qeyd edib.*
X.Nəsirzadə