Azərbaycan prezidenti İlham Əliyev Respublika Günü münasibətilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik edib.
“Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ortaya qoyduğunuz qəti və birmənalı mövqe, haqq işimizə verdiyiniz tərəddüdsüz dəstək həmrəyliyimizin bariz nümunəsidir və xalqımız üçün olduqca dəyərlidir. Azərbaycan da öz növbəsində bütün məsələlərdə qardaş Türkiyənin yanındadır”, - Azərbaycan prezidentinin saytında dərc olunan təbrik məktubunda deyilir.
“Əminəm ki, gələcək nəsillərə ən böyük əmanətimiz olan sarsılmaz Azərbaycan-Türkiyə birliyi və qardaşlığı “Bir millət, iki dövlət” şüarına uyğun olaraq bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək və güclənəcəkdir”, - Əliyev bildirib.
O cümlədən, məktubda deyilir ki, Azərbaycan “Türkiyə Respublikasının əldə etdiyi nailiyyətləri daim böyük məmnunluqla izləyir”, uğurlarına öz uğurları qədər sevinir.
“Son illər ərzində qardaş ölkəniz siyasi, iqtisadi, sosial, hərbi, texnoloji cəhətdən hərtərəfli inkişaf nümayiş etdirərək dünya miqyasında müstəqil siyasət yürüdən güc mərkəzinə çevrilmişdir. Bütün bu nailiyyətlərdə şəxsən Sizin misilsiz rolunuz və əvəzsiz xidmətləriniz vardır. Qardaş xalqınızın Sizə bəslədiyi böyük inam və etimad ölkənizin rifahı naminə həyata keçirdiyiniz siyasətə verilən ən yüksək qiymətdir”, - məktubda deyilir.
Əliyev Ərdoğana möhkəm cansağlığı, işlərində uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıb. **
B.Rüstəmbəyov