Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının xarici işlər nazirinin müavini Abbas Arağçı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini müzakirə edib. Bu barədə XİN-dən məlumat verilir.
“Tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, onun nəticələri və regionda baş verən sonuncu gərginliyi ətraflı şəkildə müzakirə etdilər”, - məlumatda qeyd olunur.
“Bayramov bölgədə son gərginlik, Ermənistan rəhbərliyinin hərbi təxribatları, Ermənistan Baş nazirinin bölgədə gərginliyin artması məqsədini güdən və münaqişənin danışıqlar yolu ilə həllinə xələl gətirən məsuliyyətsiz bəyanatları və addımları barədə İran Prezidentinin xüsusi elçisinə məlumat verdi. Nazir Azərbaycanın Silahlı Qüvvələrinin özünü müdafiə hüququ çərçivəsində və Azərbaycanın mülki əhalisini qorumaq məqsədilə əks həmlə tədbirlərini həyata keçirdiyini bildirdi», - məlumatda deyilir.
XİN başçısı vurğuladı ki, Ermənistan beynəlxalq humanitar hüququ kobud şəkildə pozur və Azərbaycan əhalisini məqsədyönlü şəkildə hədəf alır.
“Münaqişə zonasından uzaq məsafədə yerləşən Gəncə, Mingəçevir, Bərdə və digər şəhərlərin, uşaq və qadınlar daxil olmaqla günahsız mülki əhalinin Ermənistan silahlı qüvvələri tərəfindən xaincəsinə atəşə tutulur”, - nazir qeyd etdi.
Nazir ölkəmizin başlıca məqsədinin xarici silahlı qüvvələrin Azərbaycanın suveren torpaqlarından çıxarılması və Azərbaycanın ərazi bütövlüyünün onun beynəlxalq tanınmış sərhədləri çərçivəsində bərpa edilməsi olduğunu vurğuladı.
Öz növbəsində, Arağçı münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllinə dair İranın rəsmi mövqeyini bir daha vurğuladı.
Görüşdə, həmçinin tərəflər qarşılıqlı maraq və narahatlıq doğuran məsələləri müzakirə etdilər. **
B.Rüstəmbəyov