Azərbaycan gələcəkdə Dağlıq Qarabağ münaqişəsi zonasında indiki hərbi əməliyyatlar təcrübəsinə əssalanaraq hərbi texnika alacaq. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
“Bu yaxınlarda Müdafiə Nazirliyində hərbçilərlə müşavirə keçirirdim, orada dedim ki, biz uğurlarımızla yanaşı, nöqsanlarımızı da təhlil etməliyik və gələcəkdə hərbi texnika alanda indi bizə lazım olan, amma, sadəcə, anbarlarda qalmış texnikanı almamaq təcrübəsini əsas götürməliyik”, - Əliyev “İnterfaks” və “İnterfaks-Azərbaycan” agentliklərinə müsahibəsində bildirib.
Prezidentin sözlərinə görə, Azərbaycan Ordusunun arsenalı təkcə dronlardan ibarət deyil.
“Azərbaycan Ordusunun arsenalı təkcə dronlardan ibarət deyil, bizdə Rusiya, Belarus, İsrail istehsalı olan müasir hava hücumundan müdafiə sistemləri, bir neçə çarpaz hava hücumundan müdafiə sistemləri var. Onlar Ermənistan ərazisindən göndərilən raketlərin çox hissəsini vurur. Təəssüf ki, biz həmin raketlərin hamısını vura bilmirik. Bizdə ən müasir zirehli texnika var, modernləşdirilmiş “T-72” tankları, ən müasir “T-90” tankları, piyadaların döyüş maşınları və sair, müasir uzaqvuran artilleriya silahları var. İndi bu, heç kəs üçün sirr deyil. “Polonez”, “Lora”, “Ekstra”, “Qasırğa” raketləri və sairə. Yəni, biz ordumuzun silahlanmasına birtərəfli yanaşmamışıq. Lakin müharibə aparılmasının müasir metodları, əlbəttə, 1990-cı illərdə olan metodlardan fərqlənir. Buna görə də pilotsuz aviasiya bizim döyüş qabiliyyətimizin mühüm amilidir, xüsusən, bu cür möhkəmlənmiş rayonların olması nəzərə alınmaqla”, - o qeyd edib.
Prezident vurğulayıb ki, pilotsuz aviasiya, həm Türkiyə dronları, həm də İsrail dronları, düşmənin hərbi texnikasının məhv edilməsində Azərbaycan Ordusuna çox kömək edir.
«Biz azı altı ədəd “S-300” zenit-raket kompleksini məhv etmişik. Üstəgəl müasir pilotsuz uçuş aparatları. Onlar özləri zərbə endirir, özləri kəşfiyyat aparır, həm də zərbə vuran artilleriyanın koordinatlarını verirlər. Buna görə, əlbəttə, bu, bizim uğurumuzun mühüm amilidir. Lakin dediyim kimi, torpaqlarımızı Azərbaycan əsgərləri və zabitləri azad edirlər, bu torpaqlarda bayrağımızı qaldırırlar. Buna görə bütün bunlar bizim sərvətimizdir və təsadüfi deyil ki, Azərbaycan Ordusu ən yüksək döyüş qabiliyyətli ordulardan biri hesab edilir”, - Əliyev bəyan edib. **
A.Əzizov