Çərşənbə günü xarici işlər naziri Ceyhun Bayramov və İsveçrənin Federal Xarici İşlər Departamentinin rəhbəri İqnasio Kassis arasında telefon danışığı baş tutub. Bu barədə XİN-dən məlumat verilir.
“Telefon danışığı zamanı Bayramov Ermənistanın təcavüzkar siyasəti, bölgədəki ən son yüksək gərginlik, Bərdə şəhəri də daxil olmaqla, Ermənistanın cəbhə bölgəsindən aralıda yerləşən və heç bir hərbi hədəf əlamətləri olmayan, mülki əhalinin sıx məskunlaşdığı əraziləri atəşə tutması barədə həmkarını məlumatlandırdı. O, günahsız mülki əhalinin atəşə tutulmasının müharibə cinayətləri olduğuna diqqət çəkdi. Bayramov, habelə həmkarına Ermənistan tərəfindən xaincəsinə edilən raket hücumları nəticəsində mülki şəxslər arasında olan itkilər barədə məlumat verdi”, - məlumatda qeyd olunur.
İqnasio Kassis, öz növbəsində mülki şəxslərə qarşı hücumlarla bağlı narahatlığını ifadə etdi. O, İsveçrənin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsinə dair mövqeyini bir daha təkrar etdi. İqnasio Kassis münaqişənin sülh yolu ilə həlli ilə bağlı rolu olacağı təqdirdə, ölkəsinin yardım etməyə hazır olduğunu qeyd etdi. **
X.Nəsirzadə