2020-ci ilin yanvar-sentyabr aylarında əhalinin bank əmanətləri (fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vəsaitləri daxil olmaqla) 9,3% - 7 milyard 834,2 milyon manatadək azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Hesabat dövründə əhalinin xarici valyutada əmanətləri 6,3% - 4 milyard 220,6 milyon manatadək və ya bütün əmanətlərin 53,9%-i səviyyəsində azalıb (2019-cu ilin yekunları üzrə xarici valyutada əmanətlərin xüsusi çəkisi 52,2% təşkil edib). Avqust ayının sonuna dollarlaşma 54,5% səviyyəsində olub.
Yanvar-sentyabr aylarında əhalinin milli valyutada əmanətlərinin həcmi 12,6% - 3 milyard 613,6 milyon manatadək (bütün əmanətlərin 46,1%-i) azalıb.
30 sentyabr 2020-ci il tarixinə rezidentlərin bank əmanətlərinin həcmi 7 milyard 552,9 milyon manat, qeyri-rezidentlərin – 281,3 milyon manat təşkil edir. İlin əvvəlindən rezidentlərin əmanətlərinin həcmi 7,9%, qeyri-rezidentlərin əmanətlərinin həcmi isə 35,2% azalıb.
Sentyabrın 30-na banklarda əmanət və depozitlərin həcmi 22 milyard 495,1 milyon manat təşkil edir ki, bu da 2019-cu ilin sonuna olan göstəricidən 9,1% azdır.*
Ə.Məmmədov