Dağlıq Qarabağda uzunmüddətli nizamlanma yalnız Azərbaycan və Ermənistan arasında maraqlar balansına riayət olunmaqla mümkündür. Bunu Rusiya prezidenti Vladimir Putin “VTB Kapital”ın “Rusiya çağırır!” investisiya forumunun plenar iclasında deyib.
“Münaqişənin uzunmüddətli həllinə nail olmaq üçün həm dəyişməz hörmətlə yanaşdığımız Azərbaycan xalqının, həm də erməni xalqının maraqlar balansını tapmaq lazımdır. Orada insanlar özünü təhlükəsiz hiss etməli, eyni zamanda, effektiv regional inkişaf üçün imkan yaradılmalıdır. Artıq üç onillikdir ki, davam edən bu münaqişə hər iki tərəfin effektiv inkişafına imkan vermir", - deyə Putin bildirib.
O qeyd edib ki, birinci mərhələdə hərbi əməliyyatları dayandırmaq, insan ölümünə son qoymaq və danışıqlar masası arxasına oturmaq lazımdır.
"Minsk qrupu və onun həmsədrləri - Rusiya, ABŞ və Fransa tərəfindən formalaşdırılmış təkliflər əsasında, Minsk qrupunun üzvü olan digər ölkələrin - Türkiyə və bəzi Avropa ölkələri daxil olmaqla orada çox ölkə var - iştirakı ilə konsensus və maraqlar balansını tapmaq lazımdır. Bunu etmək olar”, - deyə Putin vurğulayıb.*