Prezident İlham Əliyev bu gün Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərman imzalayıb.
Fərmana əsasən, işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar yaradılır.
Daxili İşlər Nazirliyinə müvafiq ərazilərin müvəqqəti komendantlarını təyin etmək və müvəqqəti komendantlıqların fəaliyyətini təşkil etmək tapşırılıb.
Müvəqqəti komendantlıqlar öz fəaliyyətini Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti ilə əlaqələndirməlidir.
Müvəqqəti komendantlıqların nəzdində aşağıdakı dövlət orqanlarının (qurumlarının) nümayəndələrinin daxil olduğu əməliyyat qərargahları yaradılır: Dövlət Təhlükəsizliyi Xidməti; Fövqəladə Hallar Nazirliyi; İqtisadiyyat Nazirliyi; Kənd Təsərrüfatı Nazirliyi; Ekologiya və Təbii Sərvətlər Nazirliyi; Maliyyə Nazirliyi; Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi; Mədəniyyət Nazirliyi; Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik; müvafiq yerli icra hakimiyyəti orqanları.*
X.Nəsirzadə