Vaşinqton bütün xarici qüvvələri Azərbaycanla Ermənistan arasındakı münaqişəyə müdaxilə etməməyə çağırır. Bunu bu gün ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert O’Brayen deyib.
"Biz bütün xarici tərəfləri müdaxilədən çəkinməyə, ABŞ-a qoşulmağa və Minsk qrupunun həmsədrləri tərəfindən aparılan danışıqlara qayıdılmasına tərəfdar olmağa çağırırıq", - deyə O’Brayen bildirib.
O, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinin olmadığını vurğulayıb.
Müşavir qeyd edib ki, bu gün Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb və Azərbaycan və Ermənistan üçün atəşin dayandırılması ilə bağlı öhdəliklərinin yerinə yetirilməsinin vacibliyini bir daha bəyan edib.
Onun sözlərinə görə, ən çox itki ilə Ermənistan tərəfi üzləşib.
"Hər iki ölkənin insanları çox əziyyət çəkir, itkilərin əsas ağırlığı hücum əməliyyatları ilə üzləşən Ermənistan xalqının payına düşür", - deyə o bildirib.*