Azərbaycan və Ermənistan Qarabağ münaqişəsi zonasında həlak olanların meyitlərin və hərbi əsirlərin siyahısını bir həftə ərzində BQXK və şəxsi nümayəndənin ofisinə mümkün mübadiləni təmin etmək məqsədi təqdim edəcəklər.
“Azərbaycan və Ermənistan XİN başçıları Ceyhun Bayramov və Zöhrab Mnatsakanyan Cenevrədə baş tutmuş görüş zamanı tərəflərin beynəlxalq humanitar hüquqa uyğun olaraq qəsdən mülki əhalini və ya qeyri-hərbi obyektləri hədəf almayacaqlarına dair razılığa gəliblər. Tərəflər Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin fəaliyyətini asanlaşdırmaq üçün lazımi təhlükəsizlik zəmanətlərini verərək, döyüş sahəsindəki cəsədlərin toplanması və mübadiləsinin həyata keçirilməsində fəal iştirak edəcəklər. Tərəflər bir həftə ərzində BQXK və şəxsi nümayəndənin ofisinə mümkün mübadiləni təmin etmək məqsədi ilə həbsdə olan hərbi əsirlərin siyahısını təqdim edəcəklər”, - ATƏT-in saytında dərc olunan Minsk qrupunun həmsədrlərinin bəyanatında deyilir.
Məlumata əsasən, tərəflər 10 oktyabr birgə bəyanatının 2-ci bəndinə uyğun olaraq atəşkəsin təsdiqlənməsi mexanizmləri ilə bağlı şərh və sualları yazılı şəkildə təqdim edəcəklər.
“Tərəflər 10 oktyabr birgə bəyanatının 3-cü bəndinə uyğun olaraq, hərtərəfli həllin əsas elementləri üzrə danışıqlarla bağlı mövqelərini aydınlaşdırmağa yönəlmiş açıq və əsaslı fikir mübadiləsi aparıblar. Həmsədrlər münaqişənin sülh yolu ilə həll edilməsi üçün tərəflərlə intensiv çalışmağa davam edəcəklər”, - bəyanatda vurğulanır.
Həmsədrlər bəyanatda bir daha tərəfləri oktyabrın 17-də Parisdə və 25-də Vaşinqtonda təsdiqlədikləri 10 oktyabr - Moskva Birgə Bəyanatına uyğun olaraq, humanitar atəşkəsin dərhal qurulması da daxil olmaqla, öz öhdəliklərini tam şəkildə yerinə yetirməyə çağırıblar. **
X.Nəsirzadə