Cümə günündən şənbə gününə keçən gecə Dağlıq Qarabağ münaqişəsi zonasında və ondan kənarda Azərbaycan Ordusu tərəfindən düşmənin 25 ədəd hərbi texnikası məhv edilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilir.
“Dünən gün ərzində və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 3 ədəd PDM, 2 ədəd “Smerç” və 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemləri, 12 ədəd müxtəlif tipli topu, 1 ədəd “Osa” ZRK, 1 ədəd radioelektron mübarizə stansiyası, 2 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb”, - məlumatda qeyd olunur.
Bildirilir ki, döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edib.
“Oktyabrın 30-u gün ərzində və 31-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub. Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında ölən və yaralananlar var”, - nazirlikdən qeyd olunur.
Məlumata əsasən, hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir. **
X.Nəsirzadə