Bakı Dağlıq Qarabağ üzrə siyasi dialoqa hazırdır, döyüşlərin nə qədər davam edəcəyi Ermənistanın hərəkətlərindən asılıdır. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
“Bu, Ermənistandan asılıdır”, - Əliyev Almaniyanın ARD telekanalına müsahibəsində Dağlıq Qarabağda hərbi əməliyyatların nə qədər davam edəcəyinə dair suala cavabında bildirib.
Onun sözlərinə görə, Bakı “hətta bu gün” hərbi əməliyyatları dayandırmağa hazırdır. “Yeri gəlmişkən, biz üç dəfə döyüşlərin dayandırılması və atəşkəsə, danışıqlar masasında müzakirəyə razılıq vermişik, siyasi dialoqa iradə ifadə etmişik. Ancaq Ermənistan üç dəfə atəşkəsi kobud şəkildə pozub”, - prezident qeyd edib.
Əliyev bildirib ki, hər humanitar atəşkəsdən sonra Ermənistan onu kobud şəkildə pozub, hərbi əmliyyatlardan çox uzaqda yerləşən Azərbaycanın dinc şəhərlərini atəşə tutub. “Oktyabrın 10-da humanitar atəşkəs elan edildi. Növbəti gün onlar Ermənistandan Gəncə şəhərinə ballistik raket zərbəsi endirdilər. Siz yəqin ki, həmin dağıntıları görmüsünüz, 10 nəfər dinc sakin öldürüldü. Onlar bunu inkar edirlər. Lakin bu aydındır, çünki ballistik raketlərin buraxılması peyk vasitəsilə müşahidə olunur. Beləliklə, Minsk qrupunun hər 3 həmsədri əlbəttə ki, bunun im tərəfindən olunduğunu bilirlər. İkinci dəfə də onlar bunu təkrarladılar. Atəşkəs elan olunduqdan 2 dəqiqə sonra onlar bu razılığı pozdular. Üçüncü dəfə onlar bunu dünən ediblər (oktyabrın 27-də - İF), Bərdə şəhərinə kaset sursatlı raket endiriblər. 4 nəfər, o cümlədən 7 yaşlı qız uşağı həlak olub. Beləliklə, onlar atəşkəs rejiminin hər birini pozublar. Bunun bizim etdiyimizə dair heç bir sübut yoxdur”, - prezident vurğulayıb.
Əliyev qeyd edib ki, Ermənistandan fərqli olaraq, Azərbaycan yalnız hərbi hədəflərə və ancaq döyüş meydanında zərbələr endirir. “Biz yalnız döyüş meydanında cavab veririk. Biz şəhərlərə və ya dinc əhaliyə hücum etmirik, biz sadəcə döyüş meydanında cavab veririk. Əlbəttə, biz özümüzü müdafiə etməliyik. Əgər onlar hücum edirlərsə, itirdikləri mövqeləri geri almağa çalışırlarsa, biz yerimizdə dura bilmərik. Biz müdafiə olunmalıyıq. Nə qədər çox müdafiə olunuruqsa, bir o qədər də çox əraziləri azad edirik”, - dövlət başçısı qeyd edib. **
X.Nəsirzadə