Azərbaycan Dağlıq Qarabağ münaqişəsində üçüncü ölkələrin iştirakına qarşıdır və bunun üçün əsas görmür. Bunu prezident İlham Əliyev deyib.
“Biz hər hansı üçüncü ölkənin cəlb olunmasını istəmirik (münaqişəyə - İF). O cümlədən, hər hansı ölkənin cəlb olunması imkanını görmürük. Çünki bütün qonşu ölkələr bizim tərəfdaşlarımız və dostlarımızdır”, - Əliyev Almaniyanın ARD telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ermənistan bir sıra qonşu ölkələri münaqişəyə cəlb etməyə cəhd edir. “Lakin əminəm ki, bu baş verməyəcək. Bu, bizim və Ermənistan arasında olan müharibədir və başqaları kənarda dayanmalıdır”, - prezident qeyd edib.
Əliyev əlavə edib ki, Türkiyənin F-16 qırıcı təyyarələri Azərbaycandadır, lakin Qarabağda hərbi əməliyyatlarda istifadə olunmayıb. “Bu təyyarələr həmrəyliyin göstərici olaraq Bakıdadır. Onlardan heç bir döyüşlərdə istifadə olunmur, onların iştirakı planlaşdırılmır”, - Azərbaycan lideri əlavə edib. **
A.Əzizov