Bakı Dağlıq Qarabağ münaqişəsinin danışıqlar masası arxasında həllinə hazırdır, lakin erməni hərbçilərinin Qarabağdan çıxarılması məsələsi qısa zamanda həll olunmasa, sona qədər gedəcək. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
“Əməliyyat uğurla davam etdirilir. Bu günə qədər bir çox kəndlər, şəhərlər, qəsəbələr işğalçılardan azad edilibdir, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərləri. Ümumiyyətlə, təqribən 200-ə yaxın yaşayış məntəqəsi düşməndən azad edilib və bu, davam edir. Mən bu müddət ərzində dəfələrlə bildirmişdim ki, biz istəyirik bu məsələ artıq danışıqlar masasında öz həllini tapsın. Ancaq Ermənistan buna imkan vermir, 3 dəfə elan edilmiş atəşkəsi kobudcasına pozmuşdur. Biz istəyirik ki, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş digər torpaqlardan çıxarılması danışıqlar masası arxasında qısa müddət ərzində təmin olunsun. Əks təqdirdə, biz istənilən yolla öz ərazi bütövlüyümüzü bərpa etməyə davam edəcəyik və dediyim kimi, sona qədər gedəcəyik”, - Əliyev bazar günü Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu ilə Bakıda keçirilən görüş zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycan şəhərlərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması onu göstərir ki, İrəvan sülh istəmir.
“Onlar istəyirlər ki, bu işğal əbədi olsun. Onlar bizim ordumuz tərəfindən azad olunmuş yaşayış məntəqələrini yenidən işğal etmək istəyirlər. Müharibənin davam etməsinin əsas səbəbi də məhz budur. Əgər Ermənistan artıq öz çirkin əməllərindən əl çəkərsə, o zaman atəşkəs təmin ediləcək və məsələnin həlli danışıqlar masasında olacaqdır”, – prezident vurğulayıb.
Eyni zamanda, Əliyev ümid edir ki, bu proses uzun sürməyəcək.
Həmçinin, dövlət başçısı Dağlıq Qarabağ məsələsində Azərbaycana göstərilən siyasi və mənəvi dəstəyə görə Türkiyəyə təşəkkürünü bildirib.
Öz növbəsində, Çavuşoğlu qeyd edib ki, Türkiyə prezidentinin tapşırığı ilə Bakıya gəlib. “Prezidentimizin bizə bir tapşırığı var, bu prosesdə qardaş Azərbaycanı tək qoymayın və davamlı olaraq oraya - Bakıya gedin və birlikdə hərəkət edin.Biz sizin döyüş meydanındakı qələbələrinizlə fəxr edirik. İnşallah, öz əzəli torpaqlarımızı bu uğurlu əməliyyatlarla geri qaytaracağıq”, - Türkiyə XİN başçısı bildirib. **
A.Əzizov