Azərbaycanın işğal olunmuş rayonlarının ərazilərində əlvan metalların qanunsuz hasilatı ilə məşğul olan bir sıra şirkətlərin rəhbərləri barəsində Baş Prokurorluğun İstintaq İdarəsində cinayət işləri başlanıb.
““Vallex Group” şirkətlər qrupunun maliyyə investoru, İsveçrə Konfederasiyasının vətəndaşı Vartan Sirmakes və rəhbəri Valeriy Mejlumyan, habelə həmin şirkətlər qrupuna daxil olan “Base Metals” QSC-nin icraçı direktoru Artur Mkrtumyan Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, məhkəmənin müvafiq qərarları ilə qiyabi həbs seçilməklə istintaq orqanı tərəfindən barələrində beynəlxalq axtarış elan edilib. Azərbaycanın işğal olunmuş Laçın, Kəlbəcər və digər rayonlarının ərazilərində xarici dövlətlərin erməni əsilli vətəndaşları olan şəxslərin ekologiya və yerin təkinin istismarı qaydalarının kobud şəkildə pozulması ilə nəticələnən qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları faktları üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192.2.3 (qanunsuz sahibkarlıq) və 318.2-ci maddələri ilə (dövlət sərhədini qanunsuz keçmə) cinayət işləri başlanıb”, - deyə Baş Prokurorluğun məlumatında bildirilir.
Zəngilan rayonunun Vejnəli kəndində əlvan metal yataqlarından qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq gəlir əldə edən İsveçrə Konfederasiyasında rəsmi qeydiyyatdan keçmiş “Vallex Group” şirkətlər qrupunun filialı olan “Base Metals” Qapalı Səhmdar Cəmiyyəti 2009-2017-ci illər ərzində cəmi 301 milyon 918 min manat məbləğində qanunsuz gəlir əldə edib.
“Həmçinin cinayət işi üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən zəruri istintaq hərəkətlərinin icrası məqsədilə İsveçrə Konfederasiyasının səlahiyyətli dövlət orqanlarına beynəlxalq hüquqi yardımın göstərilməsi haqqında vəsatətlə müraciət olunub. Baş Prokurorluq bəyan edir ki, Ermənistan tərəfindən Azərbaycanın zəbt olunmuş və artıq işğaldan azad edilmiş ərazilərində qanunsuz iqtisadi və digər fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxslərin milli və beynəlxalq qanunvericilik əsasında məsuliyyətə cəlb olunmaqla sanksiyaların tətbiq edilməsi məqsədilə beynəlxalq hüquq normaları çərçivəsində bütün mümkün tədbirlərin görülməsi təmin ediləcək”, - deyə məlumatda qeyd olunur.*
X.Nəsirzadə