Ermənistan Azərbaycanın şəhər və rayonlarının yaşayış məntəqələrini hər gün raket və artilleriya qurğularından atəşə tutur və qadağan olunmuş silahlardan istifadə edir. Bu sözləri prezident İlham Əliyev deyib.
“Bu gün səhər mənə verilən məlumata görə səhər saat 6-dan, - indi saat 9-a beş dəqiqə qalır, - bizim şəhər və kəndlərimizə 200-dən çox mərmi atılıbdır. Bu bir ay ərzində namərd atəş nəticəsində 91 mülki şəxs həlak olub, onlardan 10-u uşaqdır, 404 mülki şəxs yaralanıbdır və 2 mindən çox ev dağılıbdır. Ermənistan maksimum çox insanı öldürmək üçün qadağan olunmuş silahlardan istifadə edir. Bizim isə intiqamımız döyüş meydanındadır. Bunu mən dəfələrlə bildirmişdim, demişdim ki, biz intiqamımızı döyüş meydanında alacağıq və alırıq”, - deyə dövlət başçısı bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyevi qəbul edərkən bildirib.
O qeyd edib ki, Azərbaycan uğurlu əməliyyat keçirməsinə baxmayaraq, beynəlxalq vasitəçilərin təkliflərinə hörmətlə yanaşaraq üç dəfə atəşkəslə bağlı razılığa gəlib, Ermənistana üç dəfə şans verib.
“Üç dəfə də Ermənistan bunu kobudcasına pozmuşdur - Birinci dəfə Gəncəni ballistik raketlərlə bombalaması ilə. İkinci dəfə atəşkəsdən 4-5 dəqiqə keçəndən sonra atəşkəsi pozdu. Üçüncü dəfə isə Bərdəyə “Smerç” raketi ilə atəşin açılması nəticəsində 21 insan həlak olmuş, 70 insan yaralanmışdır. Gəncəyə isə iki ballistik raketlə atəş nəticəsində 30-a yaxın insan həlak olmuşdur. Bax bu, erməni faşizminin eybəcər sifətidir. Biz nəinki öz torpaqlarımızı düşməndən azad edirik, biz region üçün böyük təhlükə mənbəyi olan erməni faşizminin belini qırırıq və bunu davam etdirəcəyik”, - deyə prezident vurğulayıb.*
X.Nəsirzadə