Energetika Nazirliyi Azərbaycanın işğal altında olan torpaqları tam azad edildikdən sonra enerji infrastrukturuna dəymiş ziyanı qiymətləndirməyi planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
“Qarabağ Azərbaycanda yerli su ehtiyatlarının formalaşdığı əsas rayonlardan biridir. Azərbaycanın yerli su ehtiyatlarının 25%-i, yəni ildə təqribən 2 milyard 560 milyon kub metr su ehtiyatları bu ərazidə formalaşır. Regionun Tərtər, Bazarçay (Bərgüşadçay), Həkəri kimi əsas çayları və digər kiçik çayları böyük su enerji potensialına malikdir. Bunların bir hissəsindən sovet dövründən istifadə olunur, lakin xeyli hissəsindən gələcəkdə istifadə etmək mümkün olacaqdır”, - deyə məlumatda bildirilir.
Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində üç iri su elektrik stansiyası mövcud olmuşdur ki, bu stansiyalardan biri “Tərtər” SES 1976-cı ildə Tərtər rayonu ərazisində, Tərtərçayın üzərində Sərsəng su anbarı ilə birgə inşa edilmişdir. Stansiya hər birinin gücü 25 MVt olan 2 hidroaqreqatdan ibarətdir. Bəndinin hündürlüyünə görə (125 metr) Sərsəng ölkədə ən hündür bəndli su anbarlarından biridir. Sərsəng su anbarı 6 rayonunun (Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 125 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi. 1990-cı ildə stansiyanın il ərzində istehsal etdiyi elektrik enerjisi 81.9 mln. kVt·st olmuşdur. Stansiya 1993-cü ildən işğal altındadır. Kompleksə lazımi texniki xidmətin göstərilmədiyini, istifadə olunan avadanlıqların köhnəldiyini nəzərə alaraq, ilk növbədə, onun texniki vəziyyətinin qiymətləndirilməsinə daha sonra isə bərpa işlərinin aparılmasına ehtiyac olacaq”, - deyə məlumatda qeyd olunur.
Regiondakı digər mühüm enerji obyektləri “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyalarıdır. “2020-ci ilin oktyabr ayında Cəbrayıl rayonunun işğaldan azad edilməsi, İran İslam Respublikası ilə dövlət sərhədinin tam nəzarətə götürülməsi “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları üzərində elektrik stansiyalarının inşasının başa çatdırılması baxımından da çox önəmli bir hadisədir. Bu layihələr həm işğaldan azad edilmiş ərazilərin elektrik enerjisi ilə təmin edilməsində, həm də suvarılmasında xüsusi rol oynayacaq”, - deyə məlumatda vurğulanır.
Azərbaycanın Cəbrayıl rayonundakı Xudafərin kəndindən 1 km şimal-qərbdə yerləşən “Xudafərin” Su Elektrik Stansiyası layihəsinin ərazisi 1992-ci ildən Cəbrayıl rayonunun işğalı nəticəsində Ermənistanın nəzarəti altına düşmüş və stansiyanın Azərbaycan tərəfdən tikintisi dayandırılmışdır. Lakin stansiyanın İran tərəfdən tikintisi davam etdirilmişdir. Stansiyanın Azərbaycan tərəfində hər birinin gücü 50 meqavata bərabər olan 2 hidroaqreqatdan ibarət olması planlaşdırılır.
Araz çayı üzərində tikintisi nəzərdə tutulmuş “Qız Qalası” Su Elektrik Stansiyasının isə hər biri 20 MVt olan 2 hidroaqreqatdan ibarət olacağı planlaşdırılır və stansiyanın İran tərəfindən tikintisi davam etdirilir. “Xudafərin” hidroqovşağı bəndinin tikintisi demək olar ki, tamamlanmışdır, “Qız Qalası” hidroqovşağının bəndində isə işlər yekunlaşmaq üzrədir.
“Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan tərəfindən işğalı ilə bu bölgədə enerji infrastrukturu dağıdılmış və ya talan olunmuşdur. Qarabağ regionunda 10 elektrik şəbəkə rayonu (Şuşa, Xocalı, Xocavənd, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan, Füzuli, Kəlbəcər və Ağdam) üzrə ümumi gücü 858,6 MVA olan 20 yarımstansiya mövcud olmuşdur. İşğal altında olan torpaqlarımız tam azad edildikdən sonra dağıdılmış və talan edilmiş infrastruktur daha dəqiq qiymətləndiriləcək”, - deyə məlumatda bildirilir.*
N.Abbasova