Azərbaycan və Pakistan beynəlxalq hava əlaqələri bərpa edildikdən sonra, hər hansı məhdudiyyət qoyulmadan, hər iki ölkənin istənilən hava limanına müntəzəm sərnişin reysləri təşkil edə bilər. Bunu “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov deyib.
“Çərşənbə axşamı Əsgərov Pakistanın Azərbaycandakı səfiri Bilal Hayenin ilə görüş keçirib. Tərəflər iki ölkə arasında mülki aviasiya sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini, həmçinin sərnişin axınının və yük daşımalarının artırılması üzrə perspektiv planları müzakirə ediblər”, - AZAL-ın mətbuat xidməti məlumat verir.
Danışıqlar zamanı Əsgərov qeyd edib ki, birbaşa hava əlaqəsinin açılması iki ölkə arasında turizmin və işgüzar münasibətlərin inkişafına əlavə təkan verəcək.
“2020-ci ilin yanvar ayında Azərbaycan və Pakistanın Milli aviadaşıyıcıları arasında imzalanmış Kod-şerinq sazişini xatırladan AZAL-ın prezidenti beynəlxalq hava əlaqələri bərpa edildikdən sonra, hər hansı məhdudiyyət qoyulmadan, hər iki ölkənin istənilən hava limanına müntəzəm sərnişin reyslərinin həyata keçirilməsini təklif edib”, - məlumatda deyilir.
Öz növbəsində, səfir məlumat verib ki, 2019-cu ildə 40 mindən çox Pakistan vətəndaşı Azərbaycana səfər edib və COVID-19 pandemiyası sona çatdıqdan, eləcə də beynəlxalq uçuşlarla bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bu rəqəm daha da artacaq.
Eyni zamanda, səfir Azərbaycan vətəndaşlarının turizm məqsədilə və ticarətin inkişafı üçün Pakistana səyahətə böyük maraq göstərdiklərini də qeyd edib.
AZAL-ın məlumatına görə, Pakistanla Azərbaycan arasında birbaşa reyslərin açılmasına tələbat çoxdan yaranıb. Birbaşa reyslər uçuş vaxtını ən azı 3 saatadək azaltmağa imkan verəcək. **
N.Abbasova