Müdafiə Nazirliyi İran ərazilərinin artilleriya atəşinə tutulmasına dair Ermənistan tərəfinin yaydığı məlumatı təkzib edir.
“Ermənistan Müdafiə Nazirliyi ictimaiyyəti yanlış məlumatlandırmaqda davam edir. Ermənistan tərəfinin erməni mövqeləri istiqamətində artilleriya zərbələri endirməsi nəticəsində guya bir neçə mərminin İran ərazisinə düşməsi barədə məlumat yalandır”, - Azərbaycan Müdafiə Nazirliyi məlumat verir.
"Birincisi, döyüş əməliyyatları çoxdan sərhəddən şimal istiqamətində və İran ərazilərindən xeyli uzaqlıqda aparılır. İkincisi, nəzərə alsaq ki, Azərbaycan Ordusu döyüş əməliyyatlarını şimal istiqamətində keçirir, yəni İranla həmsərhəd ərazilərdən işğal altındakı ərazilərin dərinliyinə doğru, hətta nəzəri cəhətdən belə bölmələrimizin atdığı mərmilər İran ərazisinə heç cürə düşə bilməz”, - məlumatda qeyd olunur. **