Noyabrın 3-ü gün ərzində və 4-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin 10 ədəd hərbi texnikası məhv edilib. Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.
“Noyabrın 3-ü gün ərzində və 4-ə keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin bölmələrinin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 3 ədəd D-30 haubitsa topu, 1 ədəd “Zastava M-55” zenit qurğusu, 1 ədəd taktiki PUA-sı, 3 ədəd hərbi yük maşını məhv edilib və sıradan çıxarılıb”, - deyə məlumatda bildirilir.
Döyüş əməliyyatları müxtəlif intensivliklə əsasən cəbhənin Tərtər, Ağdam, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edib.
“Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib”, - deyə məlumatda qeyd olunur.
Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.*
X.Nəsirzadə