Sahibkarlığın İnkişafı Fondu (SİF) əməkdaşlarının könüllü tibbi sığortası üzrə sığortaçı seçib.
“Seçim kotirovka sorğusu metodu ilə həyata keçirilib. “PAŞA Sığorta” şirkəti qalib elan edilib. Tərəflər arasında 40 min manat dəyərində müqavilə bağlanıb”, - deyə SİF-dən “İnterfaks-Azərbaycan” agentliyinə bildiriblər.
“PAŞA Holdinq” qrupuna daxil olan “PAŞA Sığorta” 2006-cı ilin iyul ayında sığorta fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb. Şirkət sığorta haqlarının yığım və ödəniş həcminə görə sığorta şirkətlərinin ilk üçlüyündə yer alır. “PAŞA Sığorta” 31 sığorta növü üzrə xidmət göstərir.
Xəbər verildiyi kimi, 2018-ci il avqustun 1-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb.
Fərmana əsasən, Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ləğv edilib və İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs təsis edilib. Fondun nizamnamə kapitalı 1 milyard 94 milyon 254,581 min manatdır.*
Ə.Məmmədov