Dövlət Sərhəd Xidməti (DSX) İrandan külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə keçirilməsinin qarşısını alıb. Bu barədə DSX-nın məlumatında deyilir.
““Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Alaşa kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində hərəkət edən, sərhəd naryadının “dayan” əmrinə tabe olmayaraq ərazinin sıx qamışlıq və meşəlik olmasından istifadə edərək geriyə qaçan sərhəd pozucusu tərəfindən atılmış bağlamada ümumi çəkisi 3 kq 853 qram narkotik vasitə “heroin” və 762 ədəd “metadon-40” həbi aşkarlanaraq götürülüb”, - deyə məlumatda bildirilir.
Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində ərazidə hərəkətdə olan və hadisə yerindən uzaqlaşmağa çalışan “Mersedes” markalı 44-CB-402 dövlət nömrə nişanlı avtonəqliyyatda Astara rayon sakinləri 1986-cı il təvəllüdlü İskəndər İskəndərov və 1987-ci il təvəllüdlü Elnur İskəndərov saxlanılıb, araşdırma zamanı E.İskəndərov törətdiyi cinayət əməlini etiraf edərək əraziyə narkotik vasitə götürməyə gəldiyini bildirib.
Fakt üzrə cinayət işi başlanılıb.*
B.Rüstəmbəyov