“SOCAR Energy Ukraine” şirkəti 2020-ci ilin sonunadək Ukraynada 3 yanacaqdoldurma kompleksi açmağı planlaşdırır. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bunu Ukrayna mətbuatına müsahibəsində “SOCAR Energy Ukraine” şirkətinin pərakəndə satış istiqaməti üzrə direktoru İqor Orlov deyib.
“Bu ilin sonuna qədər 3 yanacaqdoldurma məntəqəsinin açılışını nəzərdə tuturuq. Xüsusilə koronavirus pandemiyasını nəzərə alsaq, növbəti illə bağlı nəsə proqnozlaşdırmaq çətindir. Əsas hədəfimiz milyonlarla əhalisi olan şəhərlərdə yanacaqdoldurma məntəqələrinin açılmasıdır. Biz YDM şəbəkəsini Dnepropetrovsk, Lvov, Xarkov, Odessa və təbii ki, Kiyevdə inkişaf etdirəcəyik”, - deyə o bildirib.
Orlovun sözlərinə görə, bu gün şirkətin Ukraynada 55 ədəd yanacaqdoldurma məntəqəsi mövcuddur, bazardakı payı təxminən 2,5-3% təşkil edir.
“Hazırda biz Ukraynada Avropa keyfiyyətli bütün növ neft məhsullarının satışını həyata keçirən yeganə şirkətik", - deyə o əlavə edib.
Direktorun sözlərinə görə, maye qazın payı şirkətin neft məhsullarının ümumi satış həcminin 15%-ni təşkil edir. "Yanacaqdoldurma məntəqələrimizin yarısında qaz avadanlıqları quraşdırılıb, lakin müştərilərimiz arasında bu yanacaq növünə xüsusi maraq müşahidə etməmişik", - deyə Orlov bildirib.
O, həmçinin qeyd edib ki, şirkət yanacaq satışı ilə yanaşı, əlavə biznesin inkişafına da böyük diqqət ayırır və bazarın bu seqmentində payının artmasını gözləyir. Əlavə biznesin payı təxminən 37-40% təşkil edir və artmaqda davam edir. SOCAR işin ilk ilindən etibarən əlavə xidmət və malların inkişafına diqqət yetirirdi, biz adi YDM-dən daha çox şey etmək istəyirdik. Məsələn, güllər satmağa başladıq. Hətta bizdən qara kürü də ala bilərsiniz və s. Bizdə kimyəvi təmizləmə, valyuta mübadilə məntəqələri, telefonu enerji ilə doldurmaq, sənədlər və biletlər çap etmək üçün məntəqələr var", - deyə Orlov qeyd edib.
Şirkətin nümayəndəsi 2020-ci ilin sonunadək yanacağın qiymətinin sabitləşəcəyini gözləyir.
"Yanacağın qiyməti bir çox amillərdən - həm dolların məzənnəsindən, həm neftin qiymətindən, həm də əməliyyat xərclərimizdən çox asılıdır. 2020-ci ildə qiymətlərlə bağlı vəziyyət kifayət qədər sabit idi. Eyni tendensiyanın ilin sonuna qədər davam edəcəyini proqnozlaşdırıram. Əminliklə deyə bilərəm ki, məzənnədən və ola bilsin ki, neftin qiymətindən asılı olmayaraq, SOCAR yalnız "Orlen" şirkətinin yanacağını (Avropa keyfiyyətli Litva yanacağı) satacaq. Biz artıq 10 ildir ki, onunla işləyirik və tədarükçünü dəyişdirməyi planlaşdırmırıq və hələ ki, digər təchizat mənbələrini nəzərdən keçirmirik", - deyə o bildirib.
“SOCAR Energy Ukraine” 2008-ci ildə Ukraynada fəaliyyətə başlayıb. 2009-cu ilin əvvəlində Ukraynanın pərakəndə yanacaq bazarı ətraflı şəkildə öyrənildikdən sonra “SOCAR Energy Ukraine” bu ölkədə yanacaqdoldurma şəbəkələrinin yaradılması və inkişaf etdirilməsinə qərar verib.*
N.Abbasova