Azərbaycan hərbi əməliyyatlarda qadağan olunmuş silahlardan istifadə etmir. Bu sözləri prezident İlham Əliyev deyib.
“Biz qadağan olunmuş silahlardan istifadə etmirik. Bizim ərazi bütövlüyümüzü bərpa etmək üçün kifayət qədər sursatımız var. Bu, birincisi. İkincisi, biz mülki şəxslərə hücum etmirik”, - deyə dövlət başçısı İspaniyanın “EFE” informasiya agentliyinə müsahibəsində bildirib.
“Oktyabrın 10-dan sonra Dağlıq Qarabağdakı şəhərlərə hücum etmirik. Ondan əvvəl, bəli, bunu qəbul edirik. Lakin bu, ona görə oldu ki, Ermənistan ordusunun hərbi hissələrinin və infrastrukturunun çoxu Dağlıq Qarabağın dırnaqarası “paytaxtı” olan Xankəndidə cəmləşmişdi”, - deyə İ.Əliyev vurğulayıb.
O qeyd edib ki, Azərbaycan bunu etməli idi. “Biz təhlükəsizliyimizi təmin etmək və əməliyyatımızın daha səmərəli olması üçün həmin mühüm hərbi obyektləri vurmalı idik. Lakin humanitar atəşkəs elan olunandan sonra, - bunu dəfələrlə elan etmişik, - biz heç vaxt insanların yaşadığı heç bir şəhəri və ya kəndi vurmamışıq. Buna zidd olaraq ermənilər nə etdi. Onlar Ermənistan ərazisindən Gəncəyə ballistik raket atdılar və bu, sübuta yetirilib.Baxmayaraq ki, Ermənistanın baş naziri bunu onların etmədiyini dedi. Lakin bu, gülüncdür. Çünki ballistik raketin buraxılışı peyklər vasitəsilə müşahidə olunur. Hər kəs onun haradan buraxıldığını və onun hədəfinin nə olduğunu bilir. Gəncədə mülki şəxslərin yaşadığı əraziləri qəsdən iki dəfə vurdular. Onlar Bərdəyə çox dağıdıcı “Smerç” raketləri ilə iki dəfə zərbə endirdilər və yalnız bir hücum nəticəsində 21 insan öldürülmüş və 70 insan yaralanmışdır”, - deyə İ.Əliyev vurğulayıb.
Prezident əlavə edib ki, Ermənistanın kasetli bombalardan istifadə etməsi “Amnesty International” və “Human Rights Watch” təşkilatları tərəfindən təsdiq olunub.*
B.Rüstəmbəyov