Prezident İlham Əliyev bildirib ki, Bakı Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların aparıldığı müddət ərzində Ermənistanın hansı məbləğdə silahla təchiz edildiyi ilə bağlı məlumatı Moskvaya təqdim edib.
“Türkiyənin bizə hərbi dəstək göstərdiyini həmişə deməyə davam edənlər nəyə görə vasitəçi, Minsk qrupunun həmsədri olan Rusiyanın Ermənistana hərbi dəstək göstərdiyini demirlər? Bizim əlimizdə sübutlar var, bu 40 gün ərzində Ermənistanın hansı məbləğdə silahla təchiz edildiyi ilə bağlı məlumatı Rusiya rəsmilərinə təqdim etmişik. Niyə heç kim bu barədə danışmır? Gəlin, bunun haqqında danışaq, gəlin, ədalətli olaq”, - deyə dövlət başçısı İspaniyanın “EFE” informasiya agentliyinə müsahibəsində bildirib.
O, Türkiyənin Azərbaycana hərbi dəstək göstərməsi ilə bağlı iddiaları qəbul etməyib.
“Bu, növbəti təxribat, növbəti feyk xəbərdir. Türkiyədən heç bir hərbi dəstək yoxdur. Türkiyə əfsuslar olsun ki, indi müxtəlif avropalı siyasətçilərin hücumuna məruz qalır. Türkiyəni qaralamaq cəhdləri var. Türkiyəni şantaj etmək, ona təzyiq göstərmək cəhdləri var. Bu, tamamilə qəbuledilməzdir. Biz Türkiyədən yalnız müasir hərbi avadanlıq alırıq. Bu, həqiqətdir. Yeri gəlmişkən, Azərbaycana Türkiyə tərəfindən hərbi dəstək göstərildiyini deyənlər, hesab edirəm, bu absurd ittihamlardan çəkinməlidirlər”, - deyə Əliyev qeyd edib.
Prezident vurğulayıb ki, Türkiyənin çox böyük hərbi-sənaye potensialı var.
“Bu, dünyada istənilən ordunun paxıllıq edə biləcəyi yeni müasir avadanlıqdır. Türkiyənin hərbi sənaye kompleksi, həqiqətən də, möcüzələr göstərir. Bu avadanlıq bizə döyüş meydanında çox kömək edir. Lakin biz onu alırıq, biz müqavilələr imzalayırıq, hər şey şəffafdır, hər şey qanunidir. Biz başqa ölkələrdən də silah alırıq. Nəyə görə heç kim bizim Rusiyadan nə qədər silah aldığımızdan danışmır? Bizim əsas silahlarımız Rusiyadan gəlir. Biz başqa ölkələrdən də silah alırıq. Yalnız Türkiyənin adı hallanır. Biz Türkiyə hərbi avadanlığını alırıq və almağa davam edəcəyik. Bu məsələ ilə bağlı heç bir ikili standart olmamalıdır”, - deyə İ.Əliyev vurğulayıb.*
X.Nəsirzadə