“Payn Avenyu A” ofis kompleksinin satılması Dövlət Neft Fondunun (ARDNF) Cənubi Koreyanın investisiya bazarından çıxması anlamına gəlmir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ARDNF-dən məlumat verilib.
“Bu sövdələşmə fondun Cənubi Koreyadan çıxmasını nəzərdə tutmur. Hazırda ARDNF-in investisiya portfelində daşınmaz əmlaka və özəl səhmlərə investisiya edən pay fondları vasitəsilə Cənubi Koreyaya yatırılmış investisiyalar var. Gələcəkdə ARDNF-in investisiya strategiyası, maliyyə bazarlarında davam edən tendensiyaların ətraflı təhlili nəzərə alınmaqla Cənubi Koreyaya investisiyalarında müəyyən dəyişikliklər, habelə onların payının artırılması baş tuta bilər”, - deyə məlumatda bildirilir.
ARDNF 2014-cü ilin mart ayında Seul şəhərinin mərkəzi-biznes ərazisində yerləşən 25 mərtəbəli, ofis tipli “Payn Avenyu A” Qülləsini 470 milyard Koreya vonuna satın alıb.
Fond 2020-ci il noyabr ayının 3-də “Payn Avenyu A” Qülləsinin 521,5 milyard Koreya vonu (təxminən $460,8 milyon) müqabilində binanın əsas icarəçisi olan “Shinhan Card” şirkətinə satıldığını elan edib.
1999-cu ilin dekabr ayında yaradılmış ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən daxil olan gəlirlər toplanır.*
N.Abbasova