Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü, Türkiyənin Müdafiə, Aviasiya və Kosmik Sənaye Birliyinin (SAHA İstanbul) və Müdafiə və Aviasiya Sənayesi İstehsalçıları Təşkilatının (SaSaD) dəstəyi ilə 10 noyabr tarixində “Müdafiə sənayesinin inkişafında özəl sektorun rolu” mövzusunda beynəlxalq onlayn Forum keçiriləcək. Bu barədə KOBİA-dan məlumat verilir.
“Tədbirin təşkilində məqsəd Azərbaycan və Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi, bu sektora investisiyaların cəlb olunmasının və qabaqcıl texnologiyaların tətbiqi ilə yeni məhsulların yaradılmasının təşviqi, müdafiə sənayesinin modernləşdirilməsi üçün innovativ həllər, KOB klasterlərin yaradılması, müvafiq istiqamətlərdə Türkiyə təcrübəsinin öyrənilməsi və tətbiqi imkanlarının müzakirə olunmasıdır”, - məlumatda deyilir.
Tədbir çərçivəsində Azərbaycan və Türkiyə tərəfindən müdafiə sənayesi sektorunda fəaliyyət göstərən şirkətlərin və təşkilatların təqdimatları nəzərdə tutulur. **
Ə.Məmmədov