Azərbaycan prezidenti İlham Əliyev Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.
Sərəncamın mətni cümə günü dövlət başçısının saytında dərc olunub.
Dövlət Komissiyasının sədri Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov, sədr müavini - Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev təyin olunublar.
Dövlət Komissiyasının üzvləri: Anar Ələkbərov, Zeynal Nağdəliyev, Şahmar Mövsümov, fövqəladə hallar naziri, iqtisadiyyat naziri, maliyyə naziri, xarici işlər naziri, Azərbaycan Respublikasının Baş prokuroru və digər rəsmi şəxslər.
Komissiyaya 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini iki ay müddətində təmin edib Azərbaycan prezidentinə məlumat vermək tapşırılıb. **
R.Əhmədov