Azərbaycan Prezidenti İlham Əliyev bu gün Şuşa şəhərinin erməni işğalından azad edildiyini bəyan edib.
"Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri erməni işğalından azad edildi. Şuşa bizimdir! Qarabağ bizimdir!", - deyə dövlət başçısı bu gün Azərbaycan xalqına müraciətində bildirib.
Prezident bu münasibətlə Azərbaycan xalqını təbrik edib.
“Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq!”, - deyə İ.Əliyev bəyan edib.
Onun sözlərinə görə, Şuşanın Azərbaycan tarixində xüsusi yeri var.
“Əsrlərboyu azərbaycanlılar Şuşada yaşayıb, qurub, yaradıb. Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir. Ancaq mənfur düşmən Şuşanı işğal altında saxlamaqla bizim mədəni irsimizə böyük zərbə vurdu, bizim tarixi abidələrimizi dağıtdı, bizim məscidlərimizi dağıtdı, təhqir etdi. Biz indi Şuşaya qayıtmışıq. Bütün tarixi abidələrimizi bərpa edəcəyik, bütün məscidləri bərpa edəcəyik, 28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcəkdir.Əziz Şuşa, biz qayıtmışıq!”, - deyə dövlət başçısı vurğulayıb.*
Ə.Məmmədov