Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyevlə noyabrın 10-da saat 01:00-dan etibarən Dağlıq Qarabağda müharibənin dayandırılması barədə bəyanat imzaladığını bəyan edib.
"Bəyanatın mətni şəxsən mənim üçün və xalqımız üçün çox ağrılıdır. Mən bu qərarı hərbi vəziyyətin dərindən təhlili və vəziyyətlə daha yaxşı tanış olan insanların qiymətləndirmələri əsasında qəbul etmişəm", - deyə Paşinyan Facebook səhifəsində yazıb.
“Bu, bir qələbə deyil, ancaq uduzduğunu etiraf etməyincə məğlubiyyət olmayacaq. Məğlub olduğumuzu heç vaxt etiraf etməyəcəyik və bu, milli birlik və dirçəliş dövrümüzün başlanğıcı olmalıdır. Gələcəyimizi planlaşdırmaq və keçmişdəki səhvləri təkrarlamamaq üçün müstəqillik illərimizi təhlil etməliyik”, - deyə o vurğulayıb.*