Prezident İlham Əliyev bəyan edib ki, Dağlıq Qarabağda Rusiya ilə Türkiyənin birgə sülhməramlı missiyası olacaq.
“Rusiya ilə Türkiyənin birgə sülhməramlı missiyası olacaq. Bu, yeni formatdır”, - deyə Əliyev Rusiya prezidenti Vladimir Putinlə videokonfrans formatında görüşdə bildirib.
Əliyev hesab edir ki, bu yeni format təkcə münaqişənin nizamlanması ilə deyil, həm də gələcək inkişaf üçün qarşılıqlı fəaliyyətlə əlaqəlidir.
“Buna görə də bəndlərdən biri də bütün nəqliyyat kommunikasiyalarının açılmasıdır. Bu, bütün region ölkələrinin xeyrinə olacaq”, - deyə dövlət başçısı vurğulayıb.
O, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana və Rusiya prezidentinə münaqişənin nizamlanması işində iştiraklarına görə təşəkkürünü bildirib. “Vladimir Vladimiroviç, sizə münaqişənin qaynar fazası dövründə fəal iştirakınıza görə təşəkkürümü bildirmək istərdim. Bu gün üç ölkə rəhbərinin bu sənədi imzalaması bu münaqişənin nizamlanmasında Rusiya Federasiyasının xüsusi roluna dəlalət edir. Əminəm ki, regionda gələcək fəaliyyətdə, o cümlədən münaqişənin nəticələrinin aradan qaldırılması və Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün Rusiya Federasiyasının rolu sanballı olacaq. Bu gün Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana da münaqişənin siyasi yolla nizamlanması işində fəal iştirakına görə təşəkkürmü bildirmək istərdim”, - deyə Azərbaycan Prezidenti qeyd edib.*