Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə telefon danışığı zamanı onu əmin edib ki, Rusiyaya məxsus Mi-24 helikopterinin vurulmasında təqsirkar olan şəxslər cəzalandırılacaqlar. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.
“Azərbaycan Prezidenti Rusiya Hərbi Hava Qüvvələrinin helikopterinin Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan sahəsində vurulması ilə bağlı faciə ilə əlaqədar başsağlığı verib. Prezident İlham Əliyev prezident Vladimir Putinə bildirib ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən bu fakt üzrə cinayət işi qaldırılıb, təhqiqat aparılır. Təqsirkarlar cəzalandırılacaq və bu barədə Rusiya tərəfi məlumatlandırılacaq”, - deyə məlumatda bildirilir.
Dövlət başçısı qeyd edib ki, insident təsadüfi xarakter daşıyıb və günün qaranlıq vaxtında həmin helikopter Ermənistan hərbi hava qüvvələrinin helikopteri hesab edilib.
Prezident İlham Əliyev Azərbaycan tərəfinin həlak olmuş və xəsarət almış pilotların ailələrinə kompensasiya ödəməyə hazır olduğunu bildirib.
Putin telefon zənginə görə Əliyevə təşəkkürünü bildirib, belə insidentlərin yolverilməz olduğunu qeyd edib.*