Ermənistanın Dağlıq Qarabağda atəşin dayandırılması və regiona rusiyalı sülhməramlıların yeridilməsi ilə bağlı bəyanatı qəbul etməsinə ordu təkid edib. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
"Mən ordunun uzun müddət belə bir addımın atılmasının vacibliyini bildirməsindən sonra qərar qəbul etdim. Ordu deyirdi ki, dayanmaq lazımdır, müəyyən problemlər var ki, onların həlli üçün perspektivlər ya görünmür, ya da resurslar tükənib və problemlərimiz var", - deyə Paşinyan Facebook səhifəsində canlı yayım zamanı bildirib.
Onun sözlərinə görə, bəyanatın məzmunu Ermənistan tərəfi üçün sərfəli deyil. "Lakin əgər saziş imzalanmasaydı, bu, bizim döyüş qabiliyyətimizə mənfi təsir göstərərdi. Biz sazişin imzalanmasına alternativin olmadığı bir vəziyyətə düşdük", - deyə baş nazir vurğulayıb.
Paşinyanın sözlərinə görə, hərbi əməliyyatların başlanğıcında əminlik var idi ki,.Ermənistan qoşunlarının əməliyyatları Azərbaycanı barışığa məcbur edəcək.
"Biz düşünə bilməzdik ki, ərazilərin təslim edilməsi barışığa nail olunması üçün düzgün yol ola bilər. Nə üçün biz bu sazişi indi imzalamağa qərar verdik? Çünki ordunun qiymətləndirmələrini dinləyərkən məlum oldu ki, nəticələr daha ağır olacaq və hazırda sadəcə olaraq dayanmaq, şərtləri qəbul etmək lazımdır", - deyə Paşinyan vurğulayıb.*