Rusiya sülhməramlılarının Dağlıq Qarabağ münaqişəsi zonasına aparılmasını həyata keçirən daha 2 İl-76 hərbi-nəqliyyat təyyarəsi Ulyanovsk-Vostoçnıy aerodromundan havaya qalxıb. Bu barədə RF Müdafiə Nazirliyindən məlumat verilib.
“Təyyarələrin göyərtələrində sülhməramlı bölmənin şəxsi heyəti, maddi vasitələr və zirehli transportyorlar var”, - deyə məlumatda bildirilir.
Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların dayandırılmasına nəzarət üçün Rusiyanın 1960 hərbi qulluqçu, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir.
Rusiya kontingentinin əsasını Mərkəzi Hərbi Dairənin 15-ci motoatıcı (sülhməramlı) briqadasının bölmələri təşkil edəcək.
Rusiya müşahidə postları Dağlıq Qarabağda və Laçın dəhlizi boyu düzüləcək.
Sülhməramlı əməliyyatın idarə edilməsi üçün Xankəndi şəhərində Rusiya sülhməramlı qüvvələrinin komandanlığı yerləşdiriləcək.*