Gürcüstan ümid edir ki, Rusiya, Azərbaycan və Ermənistanın Dağlıq Qarabağda atəşkəslə bağlı üçtərəfli bəyanatı münaqişənin həllinə kömək edəcək, Tbilisi Bakı ilə Yerevan arasında sülhyaratma prosesinə dəstək verməyə hazırdır. Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
"Gürcüstan iki tərəf arasında dialoqu dəstəkləyir. Bununla yanaşı, beynəlxalq birliklə sülhyaratma prosesinin həyata keçirilməsinə kömək etməyə hazır olduğumuzu bildiririk", - deyə sənəddə qeyd olunur.
Gürcüstan XİN əmin olduğunu bildirir ki, beynəlxalq birliyin fəal səyləri və çoxtərəfli mexanizmlərin işə salınması Qarabağda uzunmüddətli sülhün bərqərar olmasına gətirib çıxaracaq ki, bu da bütövlükdə, Cənubi Qafqaz üçün yeni imkanlar yaradacaq.
“Qafqazda yeni dövr başlayır. Dostlarımızı, Ermənistanı və Azərbaycanı bu faciəvi müharibənin başa çatması münasibətilə təbrik edir və bütün vasitəçilərə təşəkkürümü bildirirəm", - deyə Zurabişvili bu gün Twitter səhifəsində yazıb.
O, həlak olanların ailələrinə başsağlığı verib və qeyd edib ki, sülh və sabitliyin alternativi yoxdur.
“Biz - Gürcüstan, Azərbaycan və Ermənistan birlikdə yeni əməkdaşlıq mərhələsinə başlayırıq”, - deyə Gürcüstan prezidenti vurğulayıb.*