Noyabrın 9-da Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində Rusiya Federasiyasına məxsus Mi-24 hərbi helikopterin vurulması ilə bağlı Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 342.2-ci (qulluğa səhlənkar yanaşma - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda, habelə müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Bu barədə Baş Prokurorluğun məlumatında deyilir.
“Cinayət işi üzrə prokurorluq əməkdaşları tərəfindən hərbi mütəxəssislərin iştirakı ilə raketin atıldığı qurğuya, habelə informasiya sistemlərinə baxış keçirilib, raketin atıldığı hərbi hissənin hərbi qulluqçuları dindirilib, zəruri olan sənədlər götürülmüş və digər lazimi istintaq hərəkətləri həyata keçirilib”, - deyə məlumatda bildirilir.
Hazırda qeyd edilən fakta görə təqsirkar şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Həmin cinayət faktı ilə əlaqədar Azərbaycan Respublikasının baş prokuroru Kamran ƏliyevRusiya Federasiyasının baş prokuroru İqor Krasnova rəsmi məktub ünvanlayıb, eyni zamanda, aralarında telefon danışığı baş tutub.
“Telefon əlaqəsi zamanı baş prokuror başlanmış cinayət işi üzrə həyata keçirilən ilkin istintaq hərəkətləri barədə həmkarını məlumatlandırmaqla, tam, obyektiv və hərtərəfli istintaq aparılmasında əmin edib”, - deyə məlumatda qeyd olunur.*
R.Əhmədov