Qarabağda Türkiyə-Rusiya birgə atəşkəsə nəzarət mərkəzinin yaradılması bölgədə iş birliyinin yeni formatıdır. Bu sözləri prezident İlham Əliyev deyib.
“Hesab edirəm ki, bu da çox önəmli addımdır. Bu, bölgədə iş birliyinin yeni formatıdır. Biz bunu hər zaman istəyirdik ki, Türkiyə və Rusiya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində bərabər səviyyədə rol alsınlar və bu gün biz buna nail olduq. Bu mərkəzin gələcək fəaliyyəti ilə əlaqədar bu gün sizinlə də danışacağıq və rusiyalı həmkarlarımızla danışacağıq ki, qısa müddət ərzində bu mərkəz yaradılsın. Çünki erməni silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılmasının artıq cədvəli var. Bu ayın sonuna qədər onlar bütün torpaqlardan, hələ də işğal altında olan torpaqlardan çəkilməlidirlər. Beləliklə, bu mərkəzin qısa bir zaman içərisində yaradılmasında çox böyük fayda var”, - deyə dövlət başçısı bu gün Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar və Milli Kəşfiyyat İdarəsinin rəisi Hakan Fidanla görüşdə bildirib.
O, Türkiyənin Azərbaycana dəstəyini yüksək qiymətləndirib.
“Bu dəstəyə, həmrəyliyə görə Türkiyəyə bir daha dərin təşəkkürümü bildirirəm. Bütün bu 44 gün ərzində qardaş Türkiyənin dəstəyini biz hər an hiss edirdik. Bu, bizə əlavə güc verdi”, - deyə prezident qeyd edib.
Öz növbəsində, Çavuşoğlu digər torpaqların da qısamüddətli bir təqvimlə yenidən Azərbaycana qaytarılacağına ümidvar olduğunu deyib.
“Biz Sizin həm döyüş meydanındakı, həm də diplomatik müstəvidəki uğurlarınızdan qürur duyuruq. Türkiyə olaraq hər zaman dedik ki, həm döyüş meydanında, həm də masada Azərbaycanın yanındayıq. Bundan sonrakı prosesdə, birgə nəzarət mərkəzinin yaradılması daxil olmaqla, atacağımız addımları da birlikdə müzakirə edəcəyik, dəyərləndirəcəyik”, - deyə o vurğulayıb.*
Ə.Məmmədov