2020-ci ildə “Şahdəniz” qaz-kondensat yatağından 19 milyard kubmetr qaz hasil olunacaq. Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.
“Şahdəniz” yatağından illik hasilatın bu il 19 milyard kubmetr, 2024-cü ildə isə 27 milyard kubmetrə qədər artacağı proqnozlaşdırılır”, - Şahbazov çərşənbə günü Qaz İxrac Edən Ölkələr Forumu (GECF) Nazirlərinin dəyirmi masasında bildirib.
Həmçinin, nazir qeyd edib ki, ümumilikdə, Azərbaycanda bu il 38 milyard kubmetr həcmində qaz hasilatı proqnozlaşdırılır, 2024-cü ildə isə hasilatın həcmi 50 milyard kubmetrə qədər artacaq.
2019-cu ildə “Şahdəniz” yatağından hasil edilən qazın ixrac həcmi 10 milyard 417,8 milyon kubmetr təşkil edib.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), LUKOİL (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
Hazırda “Şahdəniz” yatağından qaz hasilatı “Mərhələ-1” çərçivəsində “Alfa” və “Mərhələ-2” çərçivəsində “Bravo” platformalarından həyata keçirilir.**
N.Abbasova