Fransa Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistanı dəstəkləməyə davam edərsə, bu prosesdəki iştirakdan kənarlaşdırıla bilər. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
"Bütün gələcək addımlarımızda Azərbaycanın istədiyi şəkildə onun yanında olacağıq və bu münaqişənin həlli üçün gələcək addımların təşkili ilə birlikdə məşğul olacağıq. Ümid edirik ki, Ermənistan daha əvvəl atəşkəs rejimini pozmasından artıq dərs alıb, lakin əgər bu təkrarlanarsa, yenidən dərsini alacaq", - deyə Çavuşoğlu bu gün Bakıda keçirilən mətbuat konfransında bildirib.
Türkiyənin xarici işlər naziri qeyd edib ki, yaranmış vəziyyətdən Ermənistanla yanaşı, ATƏT-in Minsk qrupu, xüsusilə onun həmsədrləri də nəticə çıxarmalıdır.
"Fransa hətta Qarabağda atəşkəsdən sonra da Ermənistana dəstək olaraq mənfi və birtərəfli bəyanatlarını davam etdirir. Əgər bu cür davranış davam edərsə, belə ölkələr münaqişənin həlli prosesindən kənarlaşdırılmalıdır. Fransa bu mövqeyi ilə özünü münaqişənin həlli prosesindən uzaqlaşdırır, çünki obyektiv və neytral ola bilməz və sülhün bərqərar olması cəhdlərinin qarşısını almağa çalışır. Gələcək prosesdə Ermənistanı dəstəkləyən heç bir ölkə sülh yaratmaq cəhdlərini poza bilməyəcək", - deyə Çavuşoğlu bildirib.*
N.Abbasova