OPEC 2020-ci və 2021-ci illər üçün Azərbaycanda kondensatla birlikdə sutkalıq neft hasilatı üzrə proqnozu müvafiq olaraq 730 min barelə və 720 min barelə qədər artırıb. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bu barədə kartelin aylıq hesabatında deyilir.
"2020-ci ildə Azərbaycanda maye karbohidrogen istehsalının sutkada 0,06 milyon barel - 0,73 milyon barelədək, 2021-ci ildə 0,01 milyon barel - 0,72 milyon barelədək azalacağı gözlənilir", - deyə hesabatda qeyd edilir.
Daha əvvəl OPEC 2020-ci ildə Azərbaycanda kondensatla birlikdə sutkalıq neft hasilatını 0,72 milyon barel, 2021-ci ildə 0,71 milyon barel səviyyəsində proqnozlaşdırmışdı.
"Oktyabr ayında istehsal həcminə dair ilkin məlumatlar sentyabr göstəricisinə nisbətən 0,01 milyon barel - 0,71 milyon barelə qədər azalmanın olduğunu göstərir", - deyə hesabatda bildirilir.
OPEK-in məlumatına görə, 2020-ci ilin III rübündə Azərbaycan kondensatla birlikdə neft hasilatını 0,03 milyon barel - 0,7 milyon barelə qədər azaldıb, IV rübdə hasilatın 0,68 milyon barelə qədər azalacağı gözlənilir.
OPEC və qeyri-OPEC ölkələri 12 aprel 2020-ci il tarixində keçirilmiş videokonfransda gündəlik neft hasilatının 2020-ci il mayın 1-dən 2022-ci ilin aprel ayınadək üç mərhələdə kollektiv surətdə azaldılması üzrə razılaşmanı təsdiqləyib.
May-iyun aylarında “OPEC plus” üzrə öhdəliklər gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 23% olmaqla 9,7 milyon barel, Azərbaycan üçün isə 164 min barel azaldılmasını nəzərdə tutur. 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olan Azərbaycanın öhdəlikləri avqust-dekabr aylarında bu göstəricidən 18% olmaqla 131 min barel, 2021-ci ilin yanvar ayından 2022-ci ilin aprel ayınadək isə 14% olmaqla 98 min barel müəyyənləşib.
Azərbaycan OPEC+ çərçivəsində neft hasilatının azaldılması üzrə öhdəliyini may ayında 98%, iyunda 100,1%, iyulda 99,9%, avqustda 101,8%, sentyabrda 101,5%, oktyabrda 100% yerinə yetirib.*
N.Abbasova