Dövlət Gömrük Komitəsi (DGK) 2020-ci ilin yanvar-oktyabr aylarında dövlət büdcəsinə 3 milyard 269 milyon 642,3 min manat məbləğində vergi və rüsum köçürüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DGK-dan məlumat verilib.
Xəbər verildiyi kimi, 2019-cu ilin yanvar-oktyabr aylarında DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələrin həcmi 3 milyard 645 milyon 326,8 min manat təşkil edib. Beləliklə, 2020-ci ilin yanvar-oktyabr aylarında dövlət büdcəsinə köçürmələr 10,3% azalıb.
Hesabat dövründə dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 2 milyard 298 milyon 322,1 min manat, aksizlər üzrə 115 milyon 277,1 min manat, yol vergisi üzrə 30 milyon 345,8 min manat təşkil edib.
Bundan başqa, bu dövrdə gömrük rüsumları üzrə köçürmələr 825 milyon 697,2 min manat məbləğində olub.
2019-cu ildə DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələr üzrə plan 3 milyard 702,6 milyon manat məbləğində müəyyən edilib.*
B.Rüstəmbəyov