Ermənistan hökumətinin başçısı Nikol Paşinyan xalqa müraciətində etiraf edib ki, Dağlıq Qarabağda atəşin dayandırılması və ərazilərin azərbaycanlılara verilməsinə dair Azərbaycan və Rusiya prezidentləri ilə imzalanmış üçtərəfli bəyanat Ermənistan üçün sərfəli deyil.
"Bilirəm ki, Qarabağa dair saziş ictimai narazılığa səbəb olub. O zaman Ermənistan üçün sərfəli olmayan bu sənəd niyə imzalandı? Bu, Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin Baş Qərargahının müharibəni təcili dayandırmağın lazım olduğunu bildirdikdən sonra baş verdi, "Artsax" prezidenti isə deyirdi ki, bir neçə saat ərzində biz Xankəndini itirə bilərik", - deyə Paşinyan bildirib.
"Xankəndinin itirilməsi isə Əsgəranın, Ağdərənin itirilməsinə səbəb olardı, çünki bu şəhərlər müharibənin əvvəlindən bizim üçün arxa cəbhə olub. Bu şəhərlər itirildikdən sonra bütün müdafiə xətləri düşmənin mühasirəsində olardı ki, bu da 20 mindən artıq hərbçinin mühasirəyə alınması, həlak olması və ya əsir düşməsi deməkdir", - deyə Paşinyan vurğulayıb.*