ATƏT-in Minsk qrupunun amerikalı və fransalı həmsədrləri Dağlıq Qarabağda atəşkəs razılaşmasının yerinə yetirilməsində rollarının müzakirə edilməsi üçün yaxın günlərdə Moskvaya gələcəklər. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Moskvada keçirilən mətbuat konfransında məlumat verib.
“Onlar əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə necə kömək edə biləcəklərini ətraflı müzakirə etmək üçün yaxın günlərdə burada olacaqlar”, - deyə o bildirib.
"Odur ki, ATƏT-in Minsk qrupunun rolu saxlanılır. Bunu mənə bu gün Ermənistanın xarici işlər naziri təsdiq edib. Dünən Azərbaycanın xarici işlər naziri ilə telefon danışığım olub və o da həmsədrlərlə əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu təsdiqləyib", - deyə XİN başçısı vurğulayıb.
O, Qarabağda dinc həyatın qurulmasında həmsədrlərin xüsusi rol oynadığını qeyd edib. "Həmsədrlər etno-konfessional qrupların birgə yaşaması, dini obyektlərin bərpası, təhlükəsiz fəaliyyətinin təmin edilməsində BMT-nin YUNESKO kimi təşkilatları ilə birlikdə böyük rol oynaya bilərlər", - deyə Lavrov qeyd edib.*