Bakı Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Birgə Rusiya-Türkiyə Mərkəzinin yaradılması ilə bağlı Memorandumu müsbət qiymətləndirir. Bu barədəXarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
“Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri, Rusiya Federasiyasının prezidenti tərəfindən imzalanmış birgə bəyanatdan irəli gələrək, Dağlıq Qarabağ münaqişə zonasında atəşkəsə və bütün hərbi əməliyyatların dayandırılmasına nəzarət üzrə Birgə Rusiya-Türkiyə Mərkəzinin yaradılması ilə bağlı noyabrın 11-də Memorandumun imzalanmasını alqışlayırıq”, - deyə məlumatda bildirilir.
XİN qeyd edir ki, Azərbaycan ərazisində yerləşəcək, atəşkəs rejiminə və bütün hərbi əməliyyatların dayandırılmasına nəzarəti həyata keçirəcək Birgə Mərkəzin işinin təşkili ilə əlaqədar ən qısa zamanda Birgə İşçi Qrupu fəaliyyətə başlayacaq.
“Birgə Mərkəzin fəaliyyətinin atəşkəs rejiminə nəzarətin səmərəliliyinin artırılmasına, beləliklə də bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına töhfə verəcəyinə inanırıq”, - deyə məlumatda vurğulanır.*
X.Nəsirzadə