Noyabrın 12-də Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradovun Bakıda Azərbaycanın hərbi rəhbərliyi ilə görüşündə rusiyalı hərbçilərin və mülki əhalinin təhlükəsizliyi müzakirə olunub. Bu barədə Rusiya sülhməramlı qüvvələrinin qərargahındakı mənbə bildirib.
"Danışıqlar zamanı sülhməramlı kontingentin Dağlıq Qarabağ münaqişəsi zonasına yeridilməsinin parametrləri və qaydası, həmçinin Rusiya hərbçilərinin və dinc əhalinin təhlükəsizliyinin təmin edilməsi məsələləri müzakirə olunub", - deyə mənbə qeyd edib.
Onun sözlərinə görə, görüşdə Azərbaycan Müdafiə Nazirliyi və Baş Qərargahının rəhbərliyi iştirak edib.
Daha əvvəl Azərbaycan Müdafiə Nazirliyi də görüş barədə rəsmi məlumat yaymışdı.
Məlumata görə, görüşdə sülhməramlı missiyanın təşkili və həyata keçirilməsi məsələləri müzakirə edilib.*