Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın Rusiyadakı səfirinin Azərbaycan-Ermənistan sərhədində Rusiyaya məxsus Mi-24 helikopterlə əlaqədar baş vermiş faciəvi hadisə ilə bağlı şərhini yersiz hesab edir.
Onun sözlərinə görə, bu hadisə ilə əlaqədar noyabrın 9-da Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı olub.
“Həmin gün Azərbaycan Xarici İşlər Nazirliyi müvafiq açıqlama ilə çıxış edib. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən bu təsadüfi faciə ilə əlaqədar cinayət işi açılıb. Azərbaycanın və Rusiyanın Baş prokurorları arasında istintaqın gedişi ilə əlaqədar telefon danışığı olub. İstintaqın gedişi ilə bağlı qarşılıqlı məlumat mübadiləsi həyata keçirilir”, - o qeyd edib.
Hacıyev əlavə edib ki, Azərbaycanın Rusiyadakı səfirinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin statusu ilə bağlı şərhini qəbuledilməz hesab edir. “Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin rəhbərləri və digər rəsmi şəxsləri ölkənin rəsmi mövqeyinə və prezident İlham Əliyevin yürütdüyü siyasətə zidd olan özbaşına açıqlamaların verilməsindən çəkinməlidirlər”, - prezidentin köməkçisi bildirib.
Öncə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu RF-yə məxsus helikopter ilə əlaqədar hadisə barədə danışarkən xüsusilə bəyan edib ki,“bu, müharibədir, müharibədə hər şey ola bilər”. **
N.Abbasova