2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda yanacaq istehlakçıları 1 milyard 708,7 milyon manat (cari məzənnə ilə $1 milyard – İF) məbləğində avtomobil benzini və dizel yanacağı alıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində avtomobil benzini və dizel yanacağı satışından 1 milyard 708,7 milyon manat və ya 5,4% gəlir əldə edilib”, - Komitədən bildirilir.
Ötən ilin analoji dövrü ilə müqayisədə istehlakçılara avtomobil benzini və dizel yanacağı satışından gəlirlər 1,5% azalıb.
2019-cu ildə pərakəndə ticarət dövriyyəsinin strukturunda avtomobil yanacağının satışından gəlirlər 5,9% və ya 2 milyard 310,5 milyon manat təşkil edib ki, bu da 2018-ci ilin göstəricisindən 2,7% çoxdur.
Hazırda daxili bazarda “Premium Euro-95” markalı benzinin 1 litri 1,2 manat, “Super Euro-98” markalı benzinin 1 litri 1,4 manat, Aİ 92 markalı benzinin 1 litri 0,9 manat, dizel yanacağının 1 litri 0,6 manat təşkil edir.**
N.Abbasova