2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan əhalisi ticarət obyektlərindən 31 milyard 663,2 milyon manatlıq istehlak malları alıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 1,5% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Hesabat dövründə əhali tərəfindən ərzaq malları, içki və tütün məmulatlarının alınmasına 17 milyard 34,5 milyon manat (2019-cu ilin yanvar-oktyabr ayları ilə müqayisədə artım 3%), qeyri-ərzaq mallarının alınmasına 14 milyard 628,7 milyon manat (azalma 6,1%) sərf olunub.
Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 48,7%-i ərzaq məhsullarının, 5,1%-i içki və tütün məmulatlarının, 16,1%-i toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 5,6%-i elektrik malları və mebellərin, 5,4%-i avtomobil yanacağının, 1,7%-i əczaçılıq və tibbi malların, 0,8%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,6%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
Yanvar-oktyabr aylarında istehlak mallarının 23,1%-i ticarət müəssisələri, 52,9%-i fərdi sahibkarlar tərəfindən, 24%-i bazar və yarmarkalarda satılıb. 2019-cu ilin yanvar-oktyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi müəssisələr üçün real ifadədə 7,6% artıb, fərdi sahibkarlar üçün 3,8%, bazar və yarmarkalarda 17,5% azalıb.
Cari ilin yanvar-oktyabr aylarında ticarət şəbəkəsində bir ölkə sakini 170,8 manatlıq ərzaq məhsulları, içki və tütün məmulatları, 146,6 manatlıq qeyri-ərzaq məhsulları alıb.**
N.Abbasova