Azərbaycan Baş Prokuroluğu Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlar zamanı Ermənistan tərəfində döyüşənYaxın Şərq ölkələrindən olan terrorçulara qarşı cinayət işləri açıb. Bu barədə Prokurorluğun mətbuat xidməti məlumat verir.
“Araşdırmalarla Aslan Murad Vartanyan, Bese Hozat və qeyrilərinin çağırışı, Livan Karadağ, Hemaran Kervaçian, Sərvət Bagopşinin rəhbərliyi altında Suriya, Livan, İraq Respublikasının müxtəlif ərazilərində yaşayan “PKK-PYD-YPG” terror təşkilatlarına aid bir qrup şəxslərin 2016-cı ilin mart-aprel və 2020-ci ilin sentyabr-noyabr aylarında, Livan Respublikasının vətəndaşı Vartkes adlı şəxs və digərlərinin isə 2020-ci ilin oktyabr ayında Ermənistan Respublikasında və Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində olan şəxslərlə cinayət əlaqəsinə girib cinayətkar birlik halında Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Ermənistan ərazisindən qanunsuz keçərək Xankəndi şəhəri və işğal altında olmuş digər yaşayış məntəqələrinə gəlmələri, Azərbaycan Respublikasının dinc vətəndaşlarına və antiterror əməliyyatlarını həyata keçirən silahlı qüvvələrinə qarşı Ermənistanın siyasi-hərbi rejimi tərəfindən muzdlu kimi istifadə edilmələri müəyyən edilib”, - məlumatda qeyd olunur.
Qeyd edilən faktlarla bağlı Azərbaycan Respublikasının Baş Prokuroru tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə cinayət işləri başlanılmış və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib. Hazırda hər iki cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir. **
B.Rüstəmbəyov