Cümə günü Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika üzrə dövlət naziri Vendi Morton arasında telefon danışığı olub. Bu barədə Xarici İşlər Nazirliyi məlumat verir.
Məlumata görə, nazirlər bölgədəki cari vəziyyəti, 10 noyabr 2020-ci il tarixli tam atəşkəs və hərbi əməliyyatların dayandırılması ilə əlaqədar imzalanmış üçtərəfli bəyanat ətrafında fikir mübadiləsi aparıblar.
Tərəflər BMT TŞ qətnamələri əsasında Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ətraf rayonlarından Ermənistan silahlı qüvvələrinin çıxarılması, məcburi köçkünlərin öz evlərinə geri qayıtması, humanitar xatakterli mübadilələrin həyata keçirilməsi və bütün kommunikasiyaların açılması kimi məsələlər müzakirə edilib.
“Morton bölgədə atəşkəsi və bütün hərbi əməliyyatların dayandırılmasını elan edən üçtərəfli bəyanatın imzalanmasını alqışlayıb. O, razılaşmanın həyata keçirilməsinin vacibliyini vurğulayıb, tərəflərin humanitar məsələlərə diqqət yeriməsinin mühüm olduğunu qeyd edib”, - məlumatda qeyd olunur. **
Ə.Məmmədov